make own website

TƏHSİL ŞƏRTLƏRİ


Əcnəbilərin Azərbaycanın təhsil müəssisələrinə qəbulu aşağıdakı əsaslarla həyata keçirilir:

• təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota əsasında; 

• təhsil müəssisələrinin iştirak etdiyi beynəlxalq proqramlar əsasında;

• təhsil müəssisələri ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr əsasında;

• təhsil müəssisəsinin hüquqi və fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında;

• Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanının 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasının orta ixtisas təhsil müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında.


Azərbaycan Respublikasında təhsil almaq üçün müraciət edən əcnəbilər seçdikləri təhsil müəssisəsinə aşağıdakı sənədləri təqdim etməlidirlər: 

• seçdikləri ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, təhsil müəssisəsinin rəhbərinin adına ərizə (ərizə elektron formada da təqdim edilə bilər); 

• əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);

• sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;

• etibarlı sərhədkeçmə sənədi;

• 3x4 ölçüdə 6 ədəd fotoşəkil;

• tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);

• fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);

• əcnəbilərin müvafiq təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilini bilmə səviyyəsi seçdikləri təhsil müəssisəsi tərəfindən yoxlanılır və təhsil müəssisəsinin müəyyən etdiyi tələblərə uyğun gəldikləri halda onların təhsil müəssisəsinə qəbulu rəsmiləşdirilir;

• Tədrisin ingilis dilində aparıldığı ixtisaslar üzrə təhsil almaq istəyən əcnəbilər ingilis dili üzrə beynəlxalq imtahan formalarının birindən yetərli bal topladığı halda (bakalavriat səviyyəsi üçün IELTS 5.0 bal, TOEFL 40 bal, sonrakı təhsil səviyyələri üçün IELTS 5.5 bal, TOEFL 50 bal), dil biliklərinin yoxlanılmasından azad olunurlar.

Doktorantura və dissertantlıq yolu ilə təhsil almaq üçün müraciət edən əcnəbilər yuxarıda sadalanan sənədlərdən əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın üzrə aşağıdakı sənədləri təqdim etməlidirlər:

• Xarici dövlətlərdə təhsil almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ali təhsil haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti və diplomun tanınması haqqında şəhadətnamə.